Dialektologiyamızın mahir tədqiqatçısı - Həsən Mirzəyev
Keywords:
Həsən Mirzə, dialekt, şivə, tədqiqatçı, mövzu, dilçilikAbstract
Azərbaycan dilinin dialekt və şivələri zəngin lüğət ehtiyatına malikdir. Dialekt və şivələrimizin leksikasında Azərbaycan ədəbi dilində işlənməyən və ya başqa məna daşıyan yüzlərcə söz vardır. Lakin son zamanlara qədər bu sözlər geniş miqyasda toplanmamış, küll halında nəşr olunmamışdır. Azərbaycanlıların qərb, orta və cənub ləhcələri arasında keçid xarakterli olan Qərbi Azərbaycanın Dərələyəz şivəsiuzun illər dialektoloqların diqqət mərkəzindən kənarda qalmış, tədqiqat obyekti olmamışdır. Bunu nəzərə alan H.Mirzəyev ilk dəfə olaraq Azərbaycan dilinin bir sıra qədim xüsusiyyətlərini və qrammatik formalarını özündə qoruyub saxlayan Dərələyəz şivələrindən ətraflı bəhs etmişdir.
Beləliklə, H.Mirzəyevin Dərələyəz mahalının şivə sözlərinə həsr etdiyi tədqiqatı bütöv və sistemli dialektoloji araşdırma hesab edirik. Çünki alimin müxtəlif istiqamətlər üzrə tədqiq etdiyi, xüsusən də tərtib etdiyi “Şivələrin sözlüyü” bu bölgənin şivə leksikasını tam əhatə edir.
Tədqiqatda dialektologiyanın aktual problemlərinə, o cümlədən də koyne dialekt məsələsinə aydınlıq gətirilir. Bu məsələ Azərbaycan dilçiliyində hələ də mübahisəlidir; ədəbi dilin koyne əsasında bir-iki və bütün dialektlərin dayanması barədə alimlər arasında fikir müxtəlifliyi davam etməkdədir. Alim, M.Şirəliyevin mövqeyini müdafiə edərək, ədəbi dilimizin koynesinin tarixən Şamaxı, Təbriz, Qarabağ, müasir dövrdə isə Şirvan və Təbriz dialektlərinin olması fikrini irəli sürür, bununla da ədəbi dilimizlə həmin dialektlər arasında oxşarlıqların üstünlüyünü təsdiqləyir.