Bayatı, ağı və layla şeir şəkillərinin yazılı ədəbiyyat variantları

Authors

  • Məlahət Əhmədova Azərbaycan Milli Elmlər Akademiyası, ORCID NO: 0009-0000-6273-8279

Keywords:

layla, baytı, transformasiya, yazılı variant, Molla Vəli Vidadi, heca vəzni

Abstract

Yazılı ədəbiyyat bütün sahələrdə olduğu kimi janr yaradıcılığında da folklordan daim bəhrələnmişdir. Şifahi xalq ədəbiyyatında bəlli ölçü və prinsiplərə malik olan şeir şəkilləri yazılı ədəbiyyata keçdiyi zaman müəllif interpretasiyasına uyğun olaraq müəyyən dəyişikliklərə uğraya bilir. Bu dəyişiliklər kəskin, ciddi dəyişmələr olmaqla bərabər, cüzi və formal xarakter də daşıya bilər. Kəskin dəyişikliklərdə belə janr özünün ilkin, yəni folklor modelinin əsas xüsusiyyətlərini qoruyub saxlayır. Əks halda, yazılı ədəbiyyatda janr variantından yox, yeni janrdan bəhs edilməli olardı.

Bayatının yazılı ədəbiyyata gəlişi əsasən Molla Vəli Vidadinin adı ilə bağlıdır. Şifahi xalq ədəbiyyatının qoşma və gəraylı janrlarından ustalıqla istifadə edən şair bayatı şəklində də gözəl şeirlər yazmışdır. Onun cinaslı bayatıları xüsusilə seçilir. Maraqlıdır ki, Molla Pənah Vaqifin heca vəznli şeirlərindən tez-tez bəhs edilsə də, Vidadinin bu sahədəki çoxtərəfli fəaliyyəti, heca vəznli şeirlərinin spesifikası bir o qədər də öyrənilməmişdir. Şairin bayatıları müəllifin subyektiv yaşantılarını əks etdirsə də, forma və məzmun xüsusiyyətlərinə görə folklor janrından bir o qədər də fərqlənmir. Ənənəvi funksiyasına və poetik strukturuna yaxın şəkildə bayatılara müasir Azərbaycan poeziyasında da rast  gəlirik. Qaçqınlıq dövründə xalq arasında çoxlu bayatı və ağı yaranmışdır. 20 yanvar hadisələri ilə bağlı həm xalq, həm də müəllif ağıları meydana gəldi. Əzizə Cəfərzadənin müəllif ağıları buna bariz nümunədir.

Bayatı və layla şeir şəklinin məzmun və funksiyasının transformasiyaya uğrmış variantları ənənəsi əsasən “Molla Nəsrəddin” jurnalından  başladı. Burada layla və bayatılardan satirik transformasiyada istifadə olunmuşdur.

Published

2024-04-28

How to Cite

Məlahət Əhmədova. (2024). Bayatı, ağı və layla şeir şəkillərinin yazılı ədəbiyyat variantları . Scientific Research and Experimental Development, (6). Retrieved from https://ojs.scipub.de/index.php/SRED/article/view/3453