MİLLİ İSTEHSALIN VƏ İXRACIN DÖVLƏT HƏVƏSLƏNDİRMƏ SİSTEMİNİN FORMALAŞDIRILMASI İSTİQAMƏTLƏRİ VƏ ONUN İNKİŞAF PERSPEKTİVLƏRİ
Abstract
Son illərdə intensivləşən qlobal dəyişikliklər ayrı-ayrı ölkələrin rəqabətin yüksək olduğu dünya bazarlarında uğur qazanma şansını çox çətinləşdirmişdir. Qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının dünyanın bir çox ölkələrində tətbiqi, ölkələr arasındakı iqtisadi sərhədlərin aradan qaldırılması prosesinin həcmini artırdı və yayılmasını asanlaşdırdı. Uzun illərdir qüvvədə olan qapalı bazar konsepsiyasının get-gedə süquta uğraması dövlətlər tərəfindən daxili bazarda qorunan müəssisələri güclü rəqabət mühitinə gətirmişdir. Bundan əlavə, təklifin daxili bazarların tələbini üstələməsi, bazarın şaxələndirilməsi fikirləri və digər ölkə bazarlarında uğur qazanmaq ideyası da ixracatı milli şirkətlər üçün ön plana çıxarmışdı.
İxrac prosesinin inkişafı şirkətlərin maraqlarına uyğun olduğu kimi dövlətlər də bu prosesi maraqlı tərəf kimi izləyirlər. İxracatın faydaları həmin maraqların yaranma səbəbi kimi də izah oluna bilər. Bu maraqlara isə aiddir:
- satış və qazancları artırmaq;
- dünya əmtəə və xidmət bazarlarından bazar payı əldə etmək;
- daxili bazara olan bağlılığı azaltmaq;
- bazarın konyunkturasınına tez zamanda uyğunlaşmaq;
- istehsal potensialından düzgün yararlanmaq;
- rəqabət gücünü artırmaq;
- məşğulluğun təmin olunması;
- xarici ticarət dövriyyəsində kəsiri aradan qaldırmaq və s .