AZƏRBAYCAN DİLİNDƏ SÖZDƏYİŞDİRİCİ ŞƏKİLÇİLƏRİN SÖZDÜZƏLDİCİLİYƏ KEÇİD PROSESİ HAQQINDA
Keywords:
prefiks, infiks, postfiks, omonim, informasiyaAbstract
Dildə şəkilçilərin formalaşma mərhələsinə qədərki müddətdə kök söz hüdudunda derivasiya prosesləri baş vermişdir. Həmin mərhələdə analitik-flektiv tipli dillərdəki kimi aqlütinativ dillərdə də derivasiya prosesi omonimləşmə ilə, daha sonra isə prefikslərlə, infiks və postfiks xarakterli elementlərin prosodik xarakterli vahidlərə qoşulması üzrə baş vermişdir. İlkin sözyaratma prosesində, həmçinin, fleksiyanın da mühüm rolu olmuşdur. Omonimləşmə hesabına baş verən derivasiya prosesində də bir neçə mərhələ mövcud olmuşdur. Bunlardan ən başlıcaları hərəkətlə əşya arasındakı inteqrasiya təsəvvürü əsasında yaranan, ad, əlamət və feil sinkretizmini səciyyələndirən at (heyvan-isim) – at (feil, atmaq), tut (meyvə- isim) – tut (feil – tutmaq), iç (daxil – isim) – iç (feil, - içmək), (əlamət-sifət) tipli omonimlərdən, həmçinin, məcazlaşma rolu ilə formalaşan göy (səma) – göy (rəng), kök (tərəvəz) – kök (şişman), ay (yerin peyki) – ay (zaman), sağ (tərəf) – sağ (diri, canlı) kimi vahidlərdən ibarətdir. Prefiksal elementlərin iştirakı ilə an kökündən q əlavəsi ilə qan(maq), s əlavəsi ilə san(maq), d əlavəsi dan(maq); el kökündən y əlavəsi ilə yel(lən), h əlavəsi ilə hel(lən), ş əlavəsi ilə şel(lən) kimi prosodik köklər formalaşmışdır. Sözün tərkibində saitlərin infiks xarakterli dəyişməsi üzrə köp (iri həcm) – kip (dar həcm), qap (geniş örtülülük) – qıp (kiçik örtülülük), tap (geniş təpəüstü hündürlük) – top (yumruluq)- tüp (mərkəz) tipli köklər əmələ gəlmişdir.
İlkin monosillabik köklərdə həmçinin, kökün son elementi affiksal xarakter daşımışdır. Məsələn, sıx(maq) – sığ(maq), qıy( səslənmək) – qış(qır), büz(üş) – bür(üş) tipli elementləri buna nümunə göstərmək olar.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.