İLLƏRİN CİLALADIĞI İKİNCİ DİL NƏZƏRİYYƏSİ
Abstract
Stefan Kraşen yazı və dil öyrənməyə əsaslı töhvə verən ümumilikdə “Monitor modeli” adlanan fərziyyələr zəncirini irəli sürdü. Bu modelə, təhsildə kütləvi fikir və müzakirələrə səbəb olan, ikinci dilin mənimsənilməsi baxımından ən çox istinad olunan və haqqında ən çox danışılan nəzəriyyə desək yəqin ki səhv etmərik. İrəli sürüldüyü andan etibarən modifikasiya və təkamülə uğrayan amma hələ də müzakirə obyekti olan bu fərziyyələr geniş tənqidlərə baxmayaraq, ikinci dil tədqiqatlarında və təlimatında əsaslı iz qoydu. Bu model əslində ikinci dil mənimsəmə ilə bağlı irəli sürülən bir çox nəzəriyyələrin çərçivəsini formalaşdırdı.
Dilin mənimsənilməsi və öyrənilməsi nəzəriyyələri və fərziyyələri ən effektiv metodların tapılması, tətbiqi və son nəticənin qənaətbəxş olub-olmaması baxımından neçə on illikdi davamlı araşdırmaların obyekti olmuşdu. İrəli sürülən fərziyyələrin əsası öyrənilmiş, tətbiq olunmada üzə çıxan xətalar gözdən keçirilmiş, bəzi fərziyyələr inkar edilmiş, bəziləri modifikasiya olunmuşdur. Ancaq ierarxik olaraq bir nəzəriyyə və ya fərziyyə digər nəzəriyyələrin daha təkmil formada yaranmasına şərait yaratmışdır.